(çıxarış - Azərbaycan Respublikası Nazirlər Kabineti 189 N-li qərar)
İnternet informasiya ehtiyatının AZSTATENET şəbəkəsində yerləşdirilməsi
- Dövlət orqanları internet informasiya ehtiyatının AZSTATENET şəbəkəsində yerləşdirilməsi üçün onun haqqında məlumatın elektron daşıyıcıdakı nüsxəsini, bu Tələblərin 1 nömrəli əlavəsində göstərilən müraciət ərizəsini, 2 nömrəli əlavəsində göstərilən uçot kartını və saytın texniki sənədini Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə (bundan sonra -Xidmət) təqdim etməlidirlər.
- Sənədlərin təqdim olunma vaxtı onların Xidmətə daxil olduğu gündən hesablanır, 7 (yeddi) iş günü müddətində baxılır və nəticəsi haqqında məlumat verilir.
- Təqdim olunan müraciət ərizəsi, uçot kartı müraciət edən dövlət orqanının rəhbərliyi tərəfindən imzalanmalıdır.
- İnternet informasiya ehtiyatının idarə edilməsinə məsul şəxs(lər)ə Xidmət tərəfindən müvafiq autentifikasiya məlumatları (istifadəçi adı və parol) təqdim olunmalı və müvafiq təlimatlandırma aparılmalıdır.
- Müraciət edən təqdim olunmuş məlumatların aktual, tam və həqiqi olmasını təmin etməli və onlarda baş vermiş hər hansı dəyişikliklər barədə 2 (iki) iş günü ərzində Xidmətə rəsmi müraciət etməlidir.
- Xidmət müraciət ərizələrinin, uçot kartlarının və internet informasiya ehtiyatlarının bu Tələblərə uyğunluğunun yoxlanılmasının nəticələrini müvafiq məlumat bazalarında saxlamalıdır.
- Xidmət internet informasiya ehtiyatlarının bu Tələblərə uyğunluğunun ildə ən azı iki dəfə auditini həyata keçirməlidir.
- Audit nəticəsində internet informasiya ehtiyatında aşkarlanmış çatışmazlıqlar barədə Xidmət aidiyyəti dövlət orqanına məlumat verməli və onu nəzarətə götürməlidir.
- Dövlət orqanı 7 (yeddi) iş günü ərzində bu çatışmazlıqların aradan qaldırılmasını təmin etməlidir. Əks halda, Xidmət həmin internet informasiya ehtiyatından istifadəyə məhdudiyyətlər tətbiq etmək hüququndan istifadə edir.