DNS — domen adları sistemi (Domain Name System). DNS-nin əsas təyinatı qurğuların domen adlarını İP-ünvanlara və İP-ünvanları domen adlarına dəyişməkdir. DNS-nin əsası iyerarxiya üzrə bölünmüş verilənlər bazasıdır.
Domen — DNS-də domen adları fəzasının mərkəzləşdirilmiş inzibatlaşdırılan sahəsidir.
Subdomen — hər hansı domenə nisbətən aşağı səviyyəli domen deməkdir (*.GOV.AZ domeni GOV.AZ domeninin subdomenidir).
Domen adı — DNS-nin verilənlər bazasındakı, adətən bir-birindən "." işarəsi ilə ayrılmış şəkildə göstərilən yazının eyniləşdiricisidir.
Zona — bir domendə yerləşən, növbəti (daha aşağı) səviyyəli resurslar və domenlər haqqında qeydlərin cəmidir.
DNS server — bir və ya bir neçə zonanın saxlanmasını və DNS-nin verilənlər bazasında olan sorğuları emal edən proqramdır.
Zona üçün primary (birinci səviyyəli) DNS server — bu zona haqqında tam informasiyanın saxlanmasını təmin edən DNS-serverdir.
Zona üçün secondary (ikinci səviyyəli) DNS server — bu zona haqqında tam informasiyanı digər DNS-serverdən alan DNS-serverdir.
Host — İnternetə qoşulmuş kompüter və ya digər qurğudur.