Veb səhifələrin yaradılmasında normativ tələblər(çıxarış - Azərabaycan Respublikası Nazirlər Kabineti 189 N-li qərar)

  1. Ümumi müddəalar
    • 1.1Bu Tələblər "Azərbaycan Respublikası dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 19 iyun tarixli 654 nömrəli Fərmanının 1-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.
    • 1.2Bu Tələblərin məqsədi dövlət orqanlarının internet informasiya ehtiyatlarının (bundan sonra - internet informasiya ehtiyatı) proqram təminatının, dizaynının, idarə edilməsinin, informasiya təhlükəsizliyinin və fasiləsiz fəaliyyətinin təmin edilməsinə dair münasibətlərin müəyyən edilməsindən ibarətdir.
  2. İnternet informasiya ehtiyatının ünvanı
    • 2.1İnternet informasiya ehtiyatının ünvanı "gov.az" domen zonasında qeydiyyata alınmalıdır.
    • 2.2İnternet informasiya ehtiyatının ünvanı Azərbaycan və ya ingilis dilində məna daşıyan formada müəyyən edilməli və aşağıdakı tələblər nəzərə alınmalıdır:
      • 2.2.1adına və fəaliyyətinə uyğun olması;
      • 2.2.2dövlət orqanının adının qısaldılmış formasından və ya abreviaturasından istifadə edilə bilinməsi;
      • 2.2.3ünvanın çox uzun olmaması;
      • 2.2.4hərf və rəqəm kombinasiyalarından istifadə edilməməsi.
    • 2.3Dövlət orqanlarının tabeli qurumlarının internet informasiya ehtiyatları dövlət orqanının internet informasiya ehtiyatının aşağı səviyyəli domen adına malik olmalıdır.
  3. İnternet informasiya ehtiyatının dili ilə bağlı tələblər
    • 3.1İnternet informasiya ehtiyatının rəsmi dili Azərbaycan dilidir.
    • 3.2İnternet informasiya ehtiyatının Azərbaycan və ingilis dillərində versiyaları olmalıdır. Digər dillərdə də versiyalar yaradıla bilər. Xarici dillərdə olan versiyalar Azərbaycan dilindəki versiyaya uyğun olmalı və Azərbaycan dilindən tərcümə edilməlidir.
    • 3.3İnternet informasiya ehtiyatının hər bir dil versiyası üçün ümumi tərtibata və qrafiki dizayna riayət olunmaqla, fərdi şablonlar işlənib hazırlanmalıdır. İnterfeyslərin xidməti sahələri və mətn elementləri, şablonlardakı bütün qrafik elementlər, menyu və digər hərəkət elementləri müvafiq dildə tərtib edilməli və dil versiyasının strukturuna uyğun olmalıdır.
    • 3.4İnternet informasiya ehtiyatının mövcud dil versiyaları arasında keçid imkanı olmalı və bu zaman baxılan səhifənin uyğun dil versiyasına keçilməlidir. Belə uyğun səhifə olmadıqda, cari bölmənin birinci səhifəsinə, bu da mümkün olmadıqda, başlanğıc səhifəyə keçid təmin edilməlidir.
    • 3.5Azərbaycan dilində olan versiyada yerləşdirilən kontentin xarici dilə tərcümə edilməsi və internet informasiya ehtiyatında yerləşdirilməsi internet informasiya ehtiyatının sahibi tərəfindən təmin edilir.
  4. İnformasiyanın yerləşdirilməsi və onun əldə edilməsi
    • 4.1İnformasiya ehtiyatında yerləşdirilən əsas məlumatların tərkibi "İnformasiya əldə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun müəyyən edilir.
    • 4.2İnternet informasiya ehtiyatında yerləşdirilən məlumat tam, dəqiq və aktual olmalı, onun dərc olunma tarixi, yerləşdirilməsi qısa müddət üçün nəzərdə tutulduqda isə qüvvədə olma müddəti də göstərilməlidir.
    • 4.3Yerləşdirilmiş məlumatlarda səhvlər və qeyri-dəqiqliklər aşkar edildikdə, onun düzəliş edilmiş variantı dərc edilməli və bu barədə zəruri şərh verilərək istifadəçilər məlumatlandırılmalıdırlar.
    • 4.4Məlumatların yerləşdirilməsində operativliyin təmin edilməsi üçün dövlət orqanında dərcetmə müddətləri müəyyən edilməli və buna riayət olunmalıdır.
    • 4.5İnternet informasiya ehtiyatında yalnız açıq məlumatlar yerləşdirilir və onların tərkibində məxfi və konfidensial informasiya olmamalıdır.
    • 4.6İnternet informasiya ehtiyatlarında metaməlumatlardan istifadə edilməlidir.
    • 4.7Metaməlumatlarda "Dublin özəyi"nə (Dublin Core Metadata Initiative, DCMI) daxil olan aşağıdakı əsas elementlər əks olunmalıdır:
      • 4.7.1başlıq (sərlövhə) (title);
      • 4.7.2informasiyanın müəllifi və ya onu yaradan (creator);
      • 4.7.3mövzu və açar sözləri (subject);
      • 4.7.4təsvir (description);
      • 4.7.5naşir (publisher);
      • 4.7.6başqa iştirakçılar (contributor);
      • 4.7.7tarix (date);
      • 4.7.8resursun tipi (type);
      • 4.7.9format (format);
      • 4.7.10resursun identifikatoru (identifier);
      • 4.7.11mənbə (source);
      • 4.7.12dil (language);
      • 4.7.13əlaqələr (relation);
      • 4.7.14əhatə dairəsi (coverage);
      • 4.7.15müəlliflik hüquqları (rights).
    • 4.8Metaməlumatlarda "Dublin özəyi"ndə yuxarıda sadalanan əsas elementlərdən əlavə dəqiqləşdirici digər elementlərdən də məsələn, "yaranma tarixi", "dərc edilmə tarixi", "qüvvədə olma müddətinin başa çatdığı tarix" istifadə edilir.
    • 4.9İstifadəçilərin internet informasiya ehtiyatından informasiyanı daha rahat əldə etməsi üçün aşağıdakı əsas üsullardan istifadə edilir:
      • 9.1yenilənmələr haqqında məlumat;
      • 9.2tam mətn əsasında axtarış;
      • 9.3internet informasiya ehtiyatının xəritəsi (iyerarxik rubrikator).
    • 4.10İnternet informasiya ehtiyatında axtarışın həyata keçirilməsi üçün aşağıdakılar nəzərə alınmalıdır:
      • 4.10.1tam mətnli indeksdən istifadə edilməsi və onun müəyyən edilmiş qrafik üzrə avtomatik şəkildə yenilənməsi;
      • 4.10.2daxil edilən sözlərin morfoloji təhlili və bütün söz formalarının axtarışının təmin edilməsi;
      • 4.10.3simvolların daxil edilmə registrindən asılı olmaması;
      • 4.10.4daxil edilmiş sözlər arasında məntiqi münasibətlər (AND ("və"), OR ("və ya"), NOT ("inkar") əsasında geniş axtarış imkanı;
      • 4.10.5ümumi axtarışdan əlavə, internet informasiya ehtiyatının konkret bölməsində də informasiya axtarışı üçün nəzərdə tutulan lokal axtarış interfeyslərindən və axtarış süzgəclərindən istifadə olunması.
  5. Vətəndaşların və təşkilatların dövlət orqanları ilə qarşılıqlı əlaqəsi
    • 5.1Vətəndaşların və təşkilatların dövlət orqanına müraciəti üçün elektron formalar, elektron poçt və ya digər üsullar tətbiq edilməlidir.
    • 5.2İnternet informasiya ehtiyatında elektron xidmətlər bölməsi yaradılmalı və bu bölmədə müvafiq elektron xidmətlərin göstərilməsi təmin edilməlidir.
    • 5.3Dövlət orqanlarının vətəndaşlar və təşkilatlarla qarşılıqlı əlaqəsi üçün elektron poçtdan istifadə imkanı olmalı, həmçinin bu zaman göndərmə siyahıları tətbiq edilməlidir. Bu məqsədlə internet informasiya ehtiyatının idarəetmə sistemində xüsusi imkanlar nəzərdə tutulmalıdır.
  6. İnternet informasiya ehtiyatının proqram təminatına dair tələblər
    • 6.1İnternet informasiya ehtiyatı əsas və idarəetmə proqram təminatına malik olmalıdır.
    • 6.2İnternet informasiya ehtiyatının strukturunu, ayrı-ayrı modullarını, proqram təminatının işləmə prinsipini tam əks etdirən texniki sənəd hazırlanmalıdır.
    • 6.3İnternet informasiya ehtiyatının əsas proqram təminatı aşağıdakıları təmin etməlidir:
      • 6.3.1internet informasiya ehtiyatının dövlət orqanının daxili informasiya sistemi ilə inteqrasiya olunan və miqyaslanan ola bilməsi;
      • 6.3.2XML texnologiyasından istifadənin mümkünlüyü;
      • 6.3.3mobil vasitələrdə istifadə olunması;
      • 6.3.4qrafik görüntülərsiz (mətn) versiyasının olması;
      • 6.3.5W3C tələblərinə riayət edilməsi;
      • 6.3.6standart servislərin və onların asılılığının dəyişdirilməsi, əlavələr edilmə imkanı;
      • 6.3.7sistem səviyyəli əlavə skriptlərdən (ssenari tipli əməliyyatlardan) istifadə olunmaqla, yaddaşın təmizlənməsi, lazımsız proseslərin dayandırılması və sistemin təzələnməsi əməliyyatlarının aparılması;
      • 6.3.8kənar müdaxilələrə səbəb ola biləcək əməliyyatların qadağan edilməsi;
      • 6.3.9loq fayllarının aparılması;
      • 6.3.10istifadəçilərin proqram komponentlərinə keçidin qadağan olunması;
      • 6.3.11"Cookies" fayllarında istifadəçinin xidməti məlumatlarının (loqin, parol, məxfi suala cavab) saxlanılmaması;
      • 6.3.12istifadəçilərin avtorizasiyası zamanı daxil edilən loqin və parolun baxış proqramından serverə şifrlənmiş formada ötürülməsi;
      • 6.3.13proqram təminatında istifadəçilərin təsadüfi hərəkətləri ilə internet informasiya ehtiyatına vurula biləcək mümkün zərərin qarşısını alan mühafizə vasitələrindən istifadə edilməsi;
      • 6.3.14geniş istifadə edilən baxış proqramlarında problemsiz açılması və məlumatların düzgün əks olunması.
    • 6.4İdarəetmə proqram təminatı aşağıdakıları təmin etməlidir:
      • 6.4.1mətn daxil edilərkən, avtomatik formatlanması, mətnin şrift, ölçü və digər xassələrinin saxlanılması;
      • 6.4.2interfeys modullarının kaskad stil sistemi ilə yazılması, istənilən halda onların tətbiqinin mümkünlüyü, zərurət yarandıqda modulların əlavə olunması;
      • 6.4.3mətnlərin orfoqrafik yoxlanılması;
      • 6.4.4sistemin (struktur, dizayn, hərəkət) və kontentin idarə edilməsi (informasiyanın dərc edilməsi və ona düzəlişlər edilməsi, bölmələrdə istinadların dinamik təzələnməsi);
      • 6.4.5kontentin idarə edilməsinin sadəliyi və mütəxəssis olmayan işçilər tərəfindən istifadə edilə bilinməsi;
      • 6.4.6kontent menyusunun (əsas bölmələrə istinadlar avtomatik generasiya edilən mətn tipli siyahı) idarəedilmə imkanının olması;
      • 6.4.7veb-interfeys vasitəsilə idarə edilməsi;
      • 6.4.8idarəetmə interfeysinin minimal qrafik dizayn elementlərindən istifadə edilməklə, hazırlanması və mövcud informasiyanın əyani təsviri, sistemin əsas bölmələrinə və funksiyalarına sürətli keçid;
      • 6.4.9internet informasiya ehtiyatından ayrı yerləşməni və onunla işləməni.
    • 6.5İnternet informasiya ehtiyatının idarəetmə proqram təminatı çoxsəviyyəli qrupların idarə olunması prinsiplərinə riayət edilməklə hazırlanmalıdır. Tələbatdan asılı olaraq, idarəçi qruplar müxtəlif modullarla iş səlahiyyətlərinə malik ola bilərlər. Zəruri tələbat kimi isə ən azı iki qrup idarəçilər - inzibatçı və kontent idarəçi qruplar nəzərdə tutulmalıdır. Digər qruplar isə (moderatorlar, ayrı-ayrı modullarla iş üzrə qruplar ) konkret tələbatdan asılı olaraq formalaşdırılır.
    • 6.6İnternet informasiya ehtiyatında bir neçə qrup tərəfindən işlənilmə və icraya nəzarəti tələb edən böyük həcmdə sorğular keçirilərsə, yaxud bir neçə dövlət müəssisəsi təmsil edilərsə, onda çoxsaylı informasiya mənbələri arasında tətbiqlərin inteqrasiyası serverindən və ya kommunikasiya "körpüsü" ("şlüz") serverindən istifadə edilməsi zəruridir.
    • 6.7İnternet informasiya ehtiyatının bütün verilənlər bazası Unicode standartını tam dəstəkləməlidir.
    • 6.8Verilənlər bazasındakı cədvəllərin əlaqələndirilməsi avtomatlaşdırılmalıdır.
    • 6.9Verilənlər bazasının sürətini artırmaq üçün yaddaşda saxlanılan prosedurlardan istifadə olunmalıdır.
    • 6.10Verilənlər bazası idxal, ixrac, həmçinin ehtiyat nüsxəyaratma və ehtiyat nüsxədən bərpaetmə əməliyyatlarının aparılması imkanına malik olmalıdır.
    • 6.11İnternet informasiya ehtiyatının dinamik kontenti məlumat bazasında yerləşdirilməlidir. Bu bazada bütün kontent, səhifələrin şablonları və xidməti informasiya saxlanılır. Məlumatlara kənar müdaxilələrin qarşısının alınması məqsədi ilə xidməti informasiya (loqin və parollar) şifrlənmə imkanına malik olmalıdır. Parollar çoxsaylı və təkrarlanmayan simvollardan ibarət olmalıdır.
    • 6.12Hər HTML səhifədə sənədin tipi göstərilməlidir.
    • 6.13HTML səhifədə UTF-8 kod cədvəlinə uyğun kodlaşdırma istifadə edilməli və bu META teqində göstərilməlidir.
    • 6.14HTML səhifədə META teqlərdə NAME atributu ancaq "keywords" və "description" mənaları ilə işlədilə bilər.
    • 6.15URL-də domen adı, qovluq, fayl adları ancaq latın qrafikasının kiçik hərflərindən, rəqəmlərdən, defis və aşağı xətt simvollarından istifadə etməklə yazılmalıdır.
    • 6.16İstifadə olunan fayl və qovluq adlarında süzgəc proqramları tərəfindən "qadağan edilmiş" kimi qəbul edilən söz və söz birləşmələrindən istifadə edilməməlidir.
    • 6.17Bütün qeyri-fayl keçidləri "/" simvolu ilə bitməlidir.
    • 6.18Yüklənmə üçün nəzərdə tutulan fayllara keçidlərlə yanaşı, faylın ölçüsü, formatı, tələb olunan proqram təminatının adı da göstərilməlidir.
    • 6.19Baxış proqramının vəziyyət sətrində ("status bar") keçidlər əks olunmalıdır.
    • 6.20İnternet informasiya ehtiyatında giriş-çıxış qurğularının funksiyalarını və imkanlarını, o cümlədən istifadəçinin istifadəsini məhdudlaşdıran proqram mexanizmləri tətbiq edilməməlidir.
    • 6.21Hazır skriptlərdən istifadə olunmamalı, yaradılmış skriptlərdə isə izahedici şərhlər qeyd edilməlidir.
    • 6.22İnternet informasiya ehtiyatında açıq kodlu kontent idarəetmə sistemlərindən istifadə edilməməlidir.
    • 6.23Flash obyektlərdən əsas hərəkət elementləri kimi istifadə edilməsi tövsiyə olunmur və flash obyektlərdə olan bütün keçidlər adi HTML kodu kimi təkrar edilməlidir.
    • 6.24İstifadəçi tərəfindən dinamik formalara doldurulmuş məlumatın uyğunluğu xüsusi skriptlə yoxlanılmalıdır. Əlavə olaraq, genişlənmiş yoxlama imkanları da (məsələn, elektron poçt ünvanının mövcud olub-olmaması) nəzərdə tutulmalıdır. Əgər istifadəçi tərəfindən daxil edilən məlumat düzgün deyildirsə, bu barədə istifadəçi məlumatlandırılmalı, məlumatlar serverə ötürülməməli və səhifə yenilənməməlidir.
    • 6.25Səhv baş verdikdə, aşağıdakı sistem məlumatlarının əks etdirilməsi nəzərdə tutulmalıdır:
      • 6.25.1səhv daxil edilmiş URL (404 Not Found);
      • 6.25.2informasiyaya icazəsiz müraciət cəhdi (403 Forbidden və 401 Not authorized);
      • 6.25.3serverin səhvi (500 İnternal Server Error).
    • 6.26Səhv baş verdikdə, sistem məlumatları ilə birlikdə aşağıdakı məlumatlar da əks etdirilməlidir:
      • 6.26.1korporativ identifikasiya elementləri;
      • 6.26.2məlumatın başlığı;
      • 6.26.3izahedici mətn;
      • 6.26.4adi baxış rejiminə qayıtmaq üçün istinad (düymə, qrafiki element) və ya məlumata cavab olaraq hər hansı hərəkətin seçilməsi üçün istinadlar toplusu;
      • 6.26.5proqram təminatı səhvi.
    • 6.27İnternet informasiya ehtiyatından istifadənin təhlili məqsədi ilə statistik məlumatların toplanılması təmin edilməlidir. Aparılan statistika bütün səhifələri əhatə etməli və burada istifadəçilər haqqında aşağıdakı məlumatlar əks olunmalıdır:
      • 6.27.1müraciət edənlərin ümumi sayı;
      • 6.27.2regionlardan müraciət edənlərin sayı;
      • 6.27.3xarici ölkələr üzrə müraciət edənlərin sayı;
      • 6.27.4müraciət vaxtı;
      • 6.27.5sərf olunmuş vaxt;
      • 6.27.6səhifələrə müraciət göstəricisi;
      • 6.27.7internet informasiya ehtiyatına mətn istinadları mənbələrinin siyahısı və s.
  7. İnternet informasiya ehtiyatının dizaynına aid tələblər
    • 7.1İnternet informasiya ehtiyatı onun lazımi funksionallığını təmin edən qrafik dizayna malik olmalıdır.
    • 7.2İnternet informasiya ehtiyatının başlıq hissəsində Azərbaycan Respublikasının dövlət atributları və ya onlardan biri, həmçinin dövlət orqanının adı göstərilməlidir. İnternet informasiya ehtiyatının xüsusiyyətləri nəzərə alınmaqla başlıq hissəsində digər elementlər də yerləşdirilə bilər.
    • 7.3İnternet informasiya ehtiyatının dizaynı aşağıdakı əsas tələblərə uyğun olmalıdır:
      • 7.3.1qrafik elementlər internet informasiya ehtiyatında qrafiki informasiyanın göstərilmə xüsusiyyətləri nəzərə alınmaqla yaradılmalıdır;
      • 7.3.2əsas informasiyaya müraciət maksimal dərəcədə sürətli olmalı, istifadəçinin diqqəti ən vacib hərəkət elementlərinə yönəldilməlidir;
      • 7.3.3əsas informasiyanın, menyunun və hərəkətin başqa elementlərinin görünməsi baxış proqramının tam açılmış pəncərəsini üfüqi istiqamətdə hərəkət etdirmədən mümkün olmalıdır;
      • 7.3.4internet informasiya ehtiyatında hərəkət intuitiv və başa düşülən olmalıdır;
      • 7.3.5başlıqlara və titullara xüsusi diqqət yetirilməli, sətir və ya abzasın əvvəlində boş yerlər və abzasların düzlənməsi nəzərə alınmalıdır;
      • 7.3.6başlıqların, abzasların, bölmələrin tərtibatında eyni stillər gözlənilməlidir.
    • 7.4Səhifənin əsas mətn bloku internet informasiya ehtiyatının dizaynına uyğun olaraq formatlaşdırılır. Bu blokda əsas mətn və illüstrativ informasiya, dinamik bölmələrdə proqram yolu ilə generasiya edilmiş məlumatlar və cədvəllər, yarımbölmələrin yardımçı menyusu (ikinci və sonrakı səviyyələr), istifadəçi tərəfindən informasiya daxil edilməsi üçün formalar və s. yerləşdirilir.
    • 7.5Ciddi formatlı sənədlər (blanklar, müqavilə nümunələri və s.) və çap edilmək üçün nəzərdə tutulan sənədlər minimal tərtibat və hərəkət elementlərinə malik olmalıdır.
    • 7.6Böyükhəcmli sənədlər, əlaqəli səhifələr (məsələn, məqalələr və ya xronoloji ardıcıllıqla düzülmüş yeniliklər), eləcə də indekslər, siyahılar və çoxsaylı elementlərdən ibarət olan axtarış nəticələri səhifələrə bölünməlidir. Səhifələr üzrə hərəkət üçün əsas mətn blokunda yerləşən hiperistinadlardan istifadə edilir.
    • 7.7İstifadəçiyə çoxsəhifəli kontentdə olduğu yeri müəyyən etmək imkanını vermək üçün aşağıdakı variantların birindən istifadə etmək olar:
      • 7.7.1cari səhifənin nömrəsi və səhifələrin ümumi sayı göstərilir;
      • 7.7.2sürətli yerdəyişmə üçün səhifələrin siyahısı (cari səhifənin şrifti və ya rəngi digərlərindən fərqlənməlidir) əks etdirilir.
    • 7.8Səhifələrdə aşağı kolontitullardan istifadə edilir, orada aşağıdakı köməkçi informasiya və hərəkət elementləri yerləşdirilməlidir:
      • 7.8.1ən mühüm bölmələrə və yarımbölmələrə mətn istinadlarının təkrarları;
      • 7.8.2reytinq və statistika sistemlərinin sayğacları, loqotiplər və s.;
      • 7.8.3əsas əlaqə məlumatları, elektron poçt ünvanları;
      • 7.8.4müəlliflik hüquqları və əlaqəli hüquqlar haqqında bildirişlər.
    • 7.9İnternet informasiya ehtiyatının istifadəçi interfeysində informasiyanın strukturunun əyani, intuitiv başa düşülən şəkildə göstərilməsi, bölmələrə və səhifələrə hərəkət elementləri vasitəsilə sürətli və məntiqli keçid təmin edilməlidir. Qrafiki hərəkət elementlərindən istifadə edildikdə, o alternativ yazılarla təchiz edilməlidir.
    • 7.10İnternet informasiya ehtiyatının səhifələrinə bütün istinadlar əsasən cari pəncərədə açılmalıdır. Əgər internet informasiya ehtiyatından başqa mənbəyə sorğu xarakterli istinad vardırsa, nəticə yeni pəncərədə açılır.

Domen haqqında məlumat

.gov.az