GOV.az zonası haqqında ümumi məlumat(çıxarış - Azərabaycan Respublikası Nazirlər Kabineti 91 N-li qərar)

  1. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin (bundan sonra, XRİTDA) üçüncü səviyyəli *.GOV.AZ domenlərinin qeydiyyatını həyata keçirir və 1 və 2 nömrəli əlavələrə uyğun olaraq, onların inzibatlaşdırılması səlahiyyətlərini istifadəçiyə verir. Domenlərin qeydiyyatı və inzibatlaşdırılmaq üçün verilməsi haqqında müraciətlər mərkəzi və yerli dövlət orqanlarından bərabər əsaslarla qəbul edilir və baxılır.
  2. Üçüncü səviyyəli *.GOV.AZ domenlərinin qeydiyyatı və inzibatlaşdırılmaq üçün verilməsi aşağıdakı qaydada həyata keçirilir: AzStateNet şəbəkəsinə qoşulması nəzərdə tutulan mərkəzi (yerli) dövlət hakimiyyəti orqanının aparatının rəhbərliyi Xüsusi Dövlət Mühafizə Xidmətinə (AZ1066; Bakı ş., Lermontov küçəsi, 68) üçüncü səviyyəli *.GOV.AZ domeninin qeydiyyata alınması və istifadəçiyə verilməsi barədə yazılı müraciət edir. Müraciətdə üçüncü səviyyəli domenin adı, birinci və ikinci səviyyəli DNS - serverlərin İP ünvanları və adları, orqanın adı (Azərbaycan və ingilis dillərində), orqanda bu fəaliyyət istiqamətinə məsul olan şəxsin soyadı, domenin inzibatlaşdırılmasına məsul şəxslərin soyadları, onların əlaqə telefonlarının nömrələri, elektron poçt ünvanları göstərilməlidir. Eyni zamanda, AzStateNet şəbəkəsinə qoşulması nəzərdə tutulan mərkəzi dövlət hakimiyyəti orqanı aparatının müraciəti info@cert.gov.az E-mail ünvanına göndərilməlidir (əlaqə telefonları: (99412) 435 16 02, (99412)435 28 25). Domenin inzibatlaşdırılmaq üçün verilməsi haqqında qərar yalnız yuxarıda adları çəkilən hər iki müraciətin olduğu halda həyata keçirilir.
  3. Müraciətin XRİTDA-ya daxil olması barədə məlumat onun daxil olduğu vaxtdan sonrakı bir iş günü ərzində müraciət edən orqana (təşkilata) göndərilir.
  4. Daxil olmuş müraciətə 5 iş günü ərzində baxılır və qəbul edilmiş qərar barədə sənəd müraciət edən orqana (təşkilata) göndərilir.
  5. Eyni adlı domenin qeydiyyata alınması barədə eyni iş günündə iki və ya daha çox ərizə daxil olduqda həmin adlı domen, qeydiyyatdan birinci keçmiş müraciət edənə verilir. Digər müraciət edən orqanlara 5 iş günü ərzində yeni domen adının XRİTDA-ya göndərilməsinin zəruriliyi barədə bildiriş göndərilir.
  6. Bu Qaydalarla nəzərdə tutulmuş, habelə Koordinasiya Şurası tərəfindən müəyyənləşdirilmiş digər texniki tələblər yerinə yetirildikdən sonra 7 iş günü ərzində üçüncü səviyyəli domenin qeydiyyata alınması barədə qərar qəbul edilir.
  7. Domenin qeydiyyata alınmasından sonra 30 gün ərzində müraciət edən orqan müraciətdə göstərilən DNS - serverlərinin (primary və secondary) alınması və onların quraşdırılması barədə XDMX-nin Xüsusi Rabitəsinə məlumat verməlidir. Bundan sonrakı 10 iş günü ərzində XRİTDA-nın GOV.AZ domeninə xidmət göstərən DNS-lərdə *.GOV.AZ subdomeninin qeydiyyata alınması və verilməsinin son mərhələsinə aid olan müvafiq tədbirləri (update) həyata keçirir.
  8. Qeydiyyata alınmış subdomenin inzibatlaşdırılması həmin subdomenin inzibatçısı tərəfindən domenin idarə edilməsinə dair işlənib hazırlanmış tövsiyələrə və bu Qaydalara uyğun olaraq həyata keçirilir.
  9. *.GOV.AZ subdomeni qeydiyyata alındıqdan sonrakı 30 gün ərzində müraciət edən orqan tərəfindən DNS -serverlərinin quraşdırılması təmin edilməzsə, qeydiyyata alınmış subdomen ləğv olunur. Bundan sonra müraciət edən orqan ümumi əsaslarla subdomenin qeydiyyata alınması barədə təkrar müraciət edə bilər.
  10. Domen adının müəyyənləşdirilməsi zamanı müraciət edən dövlət hakimiyyəti orqanının adlının əsas götürülməsi tövsiyə olunur. Domen adı kimi təşkilatın qısaldılmış adını və ya fəaliyyətini əks etdirən söz seçilməlidir. Domen adı qısa, yadda qalan və beynəlxalq təcrübəyə uyğun olmalıdır. Domen adları kimi Azərbaycan və ingilis dillərində olan adlar seçilə bilər.
  11. Domen adının qeydiyyata alınması zamanı Azərbaycan Respublikasının Xüsusi Dövləi Mühafizə Xidmətinə müraciət edən orqan tərəfindən ticarət markalarının, mülkiyyət hüquqlarının və ya başqa təşkilatların adlarının istifadə edilməsi ilə əlaqədar yarana biləcək müvahisələrə görə məsuliyyət daşımır.
  12. Bütün mübahisəli hallar müraciət edən orqan və ya GOV.AZ domeninin inzibatçısı tərəfindən Koordinasiya Şurası çərçivəsində müzakirəyə çıxarıla bilər. Koordinasiya Şurasının qərarı sadə səs çoxluğu ilə qəbul edilir.
  13. Bu Qaydalar *.GOV.AZ domeninin inzibatlaşdırılmasını həyata keçirən abunəçi tərəfindən mütəmadi olaraq pozularsa, Koordinasiya Şurasının hər bir üzvü və ya GOV.AZ domeninin inzibatçısı subdomenin həmin orqan tərəfindən idarə edilməsinin ləğv olunması barədə məsələ qaldıra bilər. Bu məsələ üzrə müvafiq qərar qəbul edilərsə, domenin inzibatlaşdırılması vəzifəsi müvəqqəti olaraq XRİTDA-nın və ya Koordinasiya Şurasının digər üzvlərindən birinin üzərinə qoyulur. Zəruri hallarda Koordinasiya Şurasının növbəti iclasına qədər GOV.AZ domeninin inzibatçısı həmin vəzifəni müvəqqəti olaraq dayandıra və ya öz üzərinə götürə bilər.

Domen haqqında məlumat

.gov.az