AZSTATE.net şəbəkəsi haqqında məlumat(çıxarış - Azərabaycan Respublikası Nazirlər Kabineti 91 N-li qərar)

  1. AzStateNet (Azerbaijan State Network) şəbəkəsi Azərbaycan Respublikasının mərkəzi və yerli dövlət hakimiyyəti orqanları üçün internet şəbəkəsinin seqmentidir. AzStateNet Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanı statusuna malik olan təşkilatlara məxsus, ərazi üzrə paylanmış şəbəkələrin və daxilolma serverlərinin cəmidir. AzStateNet şəbəkəsi istifadəçilərə internet şəbəkəsinin informasiya məkanına daxilolma imkanı verir və öz serverlərində yalnız Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarının fəaliyyətinə aid olan rəsmi məlumatları yerləşdirir.
  2. AzStateNet şəbəkəsi əsas və ərazi idarəetmə mərkəzləri olan iyerarxik struktura malikdir. Şəbəkənin idarə edilməsinin əsas mərkəzi (AzStateNet şəbəkəsinin əsas qovşağı), habelə ərazi seqmentlərinin idarəetmə mərkəzləri Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin (bundan sonra, XRİTDA) sərəncamındadır. Əsas GOV.AZ domeninin inzibatlaşdırılmasını, *.GOV.AZ subdomenlərinin qeydiyyatını, habelə əsas GOV.AZ domeninin serverlərinə qoşulmuş AzStateNet şəbəkəsinin abunəçiləri üçün İP ünvanlarının verilməsini XRİTDA həyata keçirir.

    XRİTDA öz sərəncamında olan texniki vasitələrlə bu Qaydalar və zərurət yarandıqda, qəbul edilə biləcək digər hüquqi sənədlər əsasında GOV.AZ domeninin DNS-nin fəaliyyətini təmin edir (1 və 2 nömrəli əlavələr). AzStateNet şəbəkəsinin əsas və ərazi seqmentlərinin fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2004-cü il tarixli 172 nömrəli Fərmanı ilə XDMX-nin üzərinə qoyulmuş vəzifələrlə müəyyən edilir. XRİTDA *.GOV.AZ subdomenlərinin inzibatçılarını və AzStateNet şəbəkəsinin abunəçilərini şəbəkənin fəaliyyətində və ondan istifadə qaydalarında olan dəyişikliklər barəsində məlumatlandırır.

  3. Bu Qaydalara riayət edilməsinə ümumi nəzarət tərkibində XRİTDA-nın, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İnformasiya Resursları və Texnologiyaları Mərkəzinin, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının səlahiyyətli nümayəndələri olan Koordinasiya Şurası tərəfindən həyata keçirilir. Bu tərkib genişləndirilə bilər.

Domen haqqında məlumat

.gov.az